ABŞ alimlərinin yeni araşdırmasına əsasən, ultra emal olunmuş qidalar (UPF) mahiyyət etibarilə meyvə-tərəvəzdən daha çox tütün məmulatlarına yaxındır.
Postxronika.az xəbər verir ki, Harvard, Miçiqan və Dyuk universitetlərinin ekspertləri bu məhsulların asılılıq yaratmaq və istehlakı stimullaşdırmaq üçün xüsusi texnologiya ilə hazırlandığını bəyan ediblər. Təhlillər göstərir ki, sənaye üsulu ilə istehsal olunan qəlyanaltıların tərkibi və orqanizmə təsiri siqaretlərin verdiyi zərərlərlə paralellik təşkil edir. Mütəxəssislər "şəkərsiz" və ya "az yağlı" kimi marketinq iddialarını tütün şirkətlərinin keçmişdə istifadə etdiyi aldadıcı "filtr" strategiyasına bənzədirlər. Hesabatda qeyd olunur ki, mövcud ictimai sağlamlıq risklərinə uyğun olaraq, bu sektor da tütün sənayesi kimi ciddi hüquqi tənzimləmələrə məruz qalmalıdır.