Rusiya ordusu bir neçə həftəlik fasilədən sonra Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava zərbələri endirib.
Postxronika.az "CNN"ə istinadən xəbər verir ki, hücum zamanı həm pilotsuz uçuş aparatlarından, həm də raketlərdən istifadə olunub. Ukrayna hava hücumundan müdafiə qüvvələri paytaxt üzərində onlarla hədəfi məhv etdiyini bildirsə də, raket qalıqlarının şəhərin bir neçə yaşayış məntəqəsinə düşməsi nəticəsində dağıntılar qeydə alınıb və mülki infrastruktur ciddi zərər görüb.
Yerli rəsmilərin məlumatına görə, hücum paytaxt sakinlərində böyük təşviş yaradıb, insanlar gecəni sığınacaqlarda keçirməli olublar. Ukrayna tərəfi bu hücumları Rusiyanın enerji sistemini sıradan çıxarmaq və qış aylarında psixoloji təzyiqi artırmaq cəhdi kimi qiymətləndirir. Eyni zamanda, paytaxtla yanaşı digər iri şəhərlərin də hədəf alındığı və bəzi bölgələrdə elektrik enerjisinin verilməsində fasilələrin yarandığı bildirilir.