Ağsu rayonunda kiber üsullarla törədilən oğurluq və dələduzluq hallarına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən silsilə tədbirlər həyata keçirilib. Vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi bu tədbirlərin əsas hədəfi olub.
Rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eləcə də təhsil müəssisələrinin kollektivləri ilə görüşlər təşkil edilib, onlara internet resursları üzərindən törədilən cinayətlərlə bağlı ətraflı məlumat verilib. Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Maarifləndirmə işləri çərçivəsində bankomat və ödəmə terminallarının ətrafına, mağazalara və digər ictimai iaşə obyektlərinə xəbərdaredici lövhələr vurulub.
Polis əməkdaşları vətəndaşlara izah ediblər ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə aldanmamalıdırlar. Vətəndaşların kiber cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.