Bakı Biznes Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülük Proqramının təlim mərhələsinə başlanılıb.

Postxronika.az xəbər verir ki, üç gün davam edəcək seminarlarda 1000-ə yaxın iştirakçının şəhərsalma və ekoloji davranışlar mövzusunda maarifləndirilməsi nəzərdə tutulur. Proqramın əsas məqsədi dayanıqlı və inklüziv inkişaf sahəsində bilikləri artırmaq, həmçinin gənclərin forumdakı dəstəkləyici rolunu gücləndirməkdir.

Tədbir zamanı könüllülərə qlobal iqlim çağırışları, karbon izinin azaldılması və Azərbaycanın şəhərsalma təcrübəsi barədə ətraflı məlumat verilir. Könüllü Mərkəzinin rəhbəri Rəvanə Həsənli qeyd edib ki, bu proses iştirakçıların həm peşəkar, həm də şəxsi inkişafına mühüm töhfə verəcək. WUF13 Azərbaycan Əməliyyat Şirkəti və EY Azərbaycan mütəxəssislərinin iştirakı ilə keçirilən sessiyalar fevralın 6-da yekunlaşacaq.