Bu gün, 4 fevral tarixində dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 105-ci ildönümü tamam olur.
Postxronika.az xəbər verir ki, Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci ildə Bakıda dünyaya gəlib. O, dünya elminə 6 mühüm nəzəriyyə bəxş edib, lakin ona ən böyük şöhrəti 1965-ci ildə irəli sürdüyü "Qeyri-səlis məntiq" nəzəriyyəsi qazandırıb.
Alim bu kəşfi ilə Aristotelin ikili (doğru və ya yanlış) məntiqinə alternativ gətirərək, dünyanı yalnız ağ və qara rənglərdə deyil, həm də çalarlarla qavramağın riyazi əsaslarını yaradıb.
Lütfi Zadənin elmi irsi bu gün süni intellekt, idarəetmə sistemləri, kosmik sənaye (NASA), robototexnika və məişət elektronikasında (Sony, Panasonic, Honda və s.) geniş tətbiq olunur. Ömrünün böyük hissəsini ABŞ-nin Berkli Universitetində professor kimi keçirən alim 2017-ci ildə vəfat edib və vəsiyyətinə əsasən Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.