Tədqiqatçılar menstruasiya qanının yoxlanılmasının uşaqlıq boynu xərçənginin əlamətlərini aşkar etmək üçün dəqiq və rahat vasitə ola biləcəyini müəyyənləşdiriblər.

Postxronika.az xəbər verir ki, mövcud ginekoloji müayinələrdən çəkinən qadınlar üçün nəzərdə tutulan bu yeni ev testi gigiyena bezinə bərkidilmiş pambıq zolağı vasitəsilə həyata keçirilir. "The BMJ" jurnalında dərc olunan və 3000-dən çox xanımı əhatə edən araşdırma zamanı məlum olub ki, həmin nümunələr insan papillomavirusunu (HPV) ənənəvi metodlar qədər uğurla təyin edir. Mütəxəssislər qeyri-invaziv olan bu metodun pasiyentlərin məxfiliyini qorumaqla yanaşı, tibbi müdaxilə qorxusunu da əhəmiyyətli dərəcədə azaltdığını vurğulayırlar. Hələlik ilkin mərhələdə olan kəşf sırf menstruasiya keçirən xanımlar üçün nəzərdə tutulduğundan, tam əvəzedici vasitə yox, əlavə seçim kimi dəyərləndirilir.