Britaniya Film İnstitutunun (BFI) açıqlamasına görə, 2025-ci ildə Böyük Britaniyada film və yüksəkbüdcəli serial istehsalına xərclər 6,8 milyard funt sterlinqə (təxminən 9,2 milyard dollar) çatıb. Bu, 2024-cü illə müqayisədə 22 faiz artım deməkdir və ölkə tarixində üçüncü ən yüksək illik göstəricidir.
Ümumi xərclərin 59 faizi yüksəkbüdcəli serialların payına düşüb. Bu sahədə istehsal xərcləri ötən ilə nisbətən 17 faiz artıb. Tammetrajlı filmlərə yatırımlar isə 2,8 milyard funt təşkil edib ki, bu da 31 faiz artım və indiyədək qeydə alınmış ən yüksək illik göstəricidir.
BFI bildirir ki, xərclərin əsas hissəsi xarici investisiya hesabına çəkilən filmlərdən formalaşıb. 2025-ci ildə Böyük Britaniyada 193 xarici investisiya filmi istehsala daxil olub. Onlardan 58 tammetrajlı film ümumilikdə 2,51 milyard funt xərclə ərsəyə gəlib. Bu layihələr arasında Emrald Fennell'in "Wuthering Heights'', Sem Mendes'in ''The Beatles – A Four-Film Cinematic Event'', Kreyq Gillespi'nin ''Supergirl'', Russo qardaşlarının ''Avengers: Doomsday'' və Maykl B. Cordan'ın ''The Thomas Crown Affair'' filmləri yer alır.
Digər tərəfdən, Böyük Britaniya kino kassaları 2025-ci ildə 996,8 milyon funt gəlir əldə edib. Bu, 2024-cü illə müqayisədə 2 faiz artım olsa da, pandemiyadan əvvəlki səviyyədən 21 faiz aşağıdır.
İlin ən çox gəlir gətirən filmi ''A Minecraft Movie'' olub. İlk onluqda Böyük Britaniyada çəkilmiş ''Wicked: For Good'', ''Bridget Jones: Mad About the Boy'', ''Jurassic World Rebirth'', ''Mission: Impossible – The Final Reckoning'' və ''The Fantastic Four: First Steps'' də yer alıb.