Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ ilə Stratejik Silahların Azaldılması Müqaviləsinin (Yeni START) gələcəyini BƏƏ-nin paytaxtı Əbu-Dabidə nəzərdən keçirdiklərini açıqlayıb.

Postxronika.az xəbər verir ki, Peskov tərəflərin məsuliyyətli davranmalı olduqlarını və müzakirələrin ən qısa zamanda bərpası barədə ortaq anlayışın mövcudluğunu vurğulayıb. Donald Trampın sənədin modernləşdirilməsi ilə bağlı təkliflərinə toxunan sözçü müqavilə müddətinin uzadıla biləcəyini və bu istiqamətdə işlərin konstruktiv, lakin çətin keçdiyini qeyd edib.

Peskov həmçinin Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının yenidən başlamasını məmnuniyyətlə qarşılayaraq bu addımın bölgədəki gərginliyi azaldacağına ümid etdiyini bildirib. General-mayor Vladimir Alekseyevin sui-qəsdə uğraması barədə danışarkən isə o, hərbi komandanların təhlükəsizliyinin xüsusi xidmət orqanları tərəfindən ciddi şəkildə qorunmalı olduğunu xatırladıb.

Qeyd edək ki, hazırda Rusiyanın 5 459, ABŞ-nin isə 5 177 nüvə başlığına sahib olduğu təxmin edilir.