Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində növbəti əməliyyat göstəricilərini təqdim edib.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən əldə etdiyi rəsmi məlumatlara istinadən xəbər verir ki, fevralın 6-da ölkə ərazisində 68 yeni cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan daha 3 işin üstü açılıb.
Həyata keçirilən genişmiqyaslı axtarış tədbirləri nəticəsində qanundan yayınan xeyli sayda şəxs ədalət mühakiməsinə təslim edilib.
Sutka ərzində ümumilikdə 165 axtarışda olan şəxs saxlanılıb ki, onların da mütləq əksəriyyətini (111 nəfər) borclu qismində axtarılanlar təşkil edib. Eyni zamanda, müxtəlif cinayət əməllərində şübhəli bilinən 67 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanlarının xüsusi diqqət yetirdiyi sahələr üzrə nəticələr isə belədir:
Narkotiklə mübarizə-Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 41 fakt müəyyən edilib;
Qanunsuz silahlanma-Şəxslərdən qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 22 əməliyyat faktı qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə ən səs-küylü hadisələrdən biri kimi paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak" liseyində şagirdin müəlliməyə atəş açması faktı qeydə alınıb və şübhəli şəxs dərhal polis tərəfindən saxlanılıb.