Aktyor Ostin Batler velosipedçi Lens Armstronq haqqında çəkiləcək biopik filmdə baş rola dəvət olunub. Layihənin rejissoru ''Conclave'' filminin müəllifi Edvard Berger, prodüseri isə ''Deliver Me From Nowhere'' ilə tanınan Skott Stuberdir.
Ssenarini "King Richard'' filmi ilə “Oscar”a namizəd olmuş Zak Beylin yazır. Filmin prodüserləri Berger, Stuber və Nik Nesbit, icraçı prodüserləri isə Beylinlə yanaşı Coş Qlik və Zak Froqnovskidir.
Layihə Stuber'in ''United Artists'' brendi çərçivəsinə daxil deyil. Bu səbəbdən, “Oscar”a namizəd yaradıcı heyətin toplandığı film hazırda studiyalara təklif olunur. Stuber layihə üçün Armstronq'un hüquqlarını əldə edib.
Lens Armstronq ''Tour de France'' yarışını ardıcıl yeddi dəfə qazanaraq dünya şöhrəti qazanıb. Lakin 2012-ci ildə ABŞ Antidopinq Agentliyinin apardığı araşdırma onun karyerası boyunca dopinqdən istifadə etdiyini müəyyənləşdirdi və bütün titulları ləğv olundu. Armstronq uzun illər ittihamları rədd etsə də, 2013-cü ildə dopinqdən istifadə etdiyini etiraf edib.
İdmandan kənarda Armstronq xərçənglə mübarizə sahəsində fəaliyyəti ilə də tanınır. Testis xərçəngi diaqnozu aldıqdan sonra yaratdığı Livestrong Foundation bu sahədə yüz milyonlarla dollar vəsait toplayıb.
Batlerin növbəti layihələri arasında ''Heat 2'', ''Miami Vice'' və ''American Psycho'' yer alır. Edvard Berger son olaraq ''The Ballad of a Small Player'' filmini çəkib və hazırda ''The Riders'' üzərində çalışır. Skott Stuber isə ''Frankenstein'' filminə görə “Ən yaxşı film” nominasiyasında “Oscar”a namizəddir.