Fransanın keçmiş mədəniyyət naziri Cek Lanq rüsvay olmuş maliyyəçi Ceffri Epşteynlə əlaqələri və başlayan maliyyə yoxlamaları fonunda Ərəb Dünyası İnstitutunun rəhbəri vəzifəsindən ayrılıb.
Postxronika.az xəbər verir ki, 86 yaşlı siyasətçi Xarici İşlər Nazirliyinin məsələni müzakirə etmək üçün çağırdığı təcili iclasa qatılmaqdan imtina edərək istefa qərarı verib. Prokurorluq Epşteyn sənədlərinə əsaslanaraq eks-nazir və qızı Kerolin barəsində "ağır vergi fırıldaqçılığı" maddəsi ilə istintaq başladıb. Məlumata görə, Lanqın adı 2012-2019-cu illər arasında cinsi cinayətkarla yazışmalarda və ofşor şirkətlərin sənədlərində dəfələrlə hallanır. Keçmiş məmur ittihamları rədd edərək, Epşteyni yalnız xeyriyyəçi kimi tanıdığını və qanunsuzluq etmədiyini iddia edib. Bu hadisə Epşteyn sənədlərinin Avropada yaratdığı ən yüksək səviyyəli siyasi qalmaqal hesab olunur.