Özbəkistan və Pakistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım atılıb. İki ölkə liderləri qarşılıqlı ticarət dövriyyəsinin həcmini rekord həddə – 2 milyard ABŞ dollarına çatdırmaq barədə saziş imzalayıblar.

Postxronika.az xəbər verir ki, bu razılaşma fevralın 6-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin İslamabada rəsmi səfəri çərçivəsində baş tutan görüşlər zamanı əldə olunub. Səfər proqramı çərçivəsində həmçinin Özbəkistan və Pakistanın işgüzar dairələrinin iştirakı ilə irimiqyaslı biznes forumu keçirilib.

Tədbirdə hər iki ölkənin aparıcı sənaye müəssisələrini və ticarət şirkətlərini təmsil edən 300-dən çox rəhbər şəxs iştirak edib. Forumda yeni investisiya imkanları və sənaye kooperasiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.

Ekspertlərin fikrincə, Turan dövlətləri arasında bu cür strateji tərəfdaşlığın gücləndirilməsi hər iki ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq və regionda ticarət əlaqələrinin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.