Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Paytaxt ərazisində baş tutan əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.

Postxronika.az xəbər verir ki, DİN-dən verilən məlumata əsasən, saxlanılan şəxslərdən ümumilikdə 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, İ.Muradov və Ç.Quliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə giriblər. Onların əsas məqsədi narkotik vasitələri satış üçün əvvəlcədən təyin edilmiş gizli nöqtələrə yerləşdirmək olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.