Bakının Xətai rayonunda ictimai nəqliyyatda cibgirlik edən şəxs polis tərəfindən ifşa olunub.
Postxronika.az DİN-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində hərəkət edən sərnişin avtobuslarından birində baş verib.
Məlumata görə, naməlum şəxs sərnişinin cibindən içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsini oğurlayıb. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pünhan Umudov saxlanılıb. Araşdırmalarla onun əvvəllər də məhkum olunduğu müəyyən edilib.
Saxlanılan şəxs ifadəsində oğurladığı qızılları 730 manata satdığını, bank kartından isə təmassız ödəniş yolu ilə marketlərdə 900 manatlıq alış-veriş etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.