Ölkə ərazisində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə istiqamətində növbəti uğurlu əməliyyatlar həyata keçirilib. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində onlarla cinayət faktı aşkarlanıb və axtarışda olan çoxsaylı şəxslər məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən postxronika.az saytına verilən məlumata görə, fevralın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticələri aşağıdakı kimidir:
Axtarışda olduğuna görə ümumilikdə 101 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 65 fakt müəyyən edilib.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt qeydə alınıb.
Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanılıb.