Venesuelanın tanınmış müxalifət lideri Xuan Pablo Quanipa həbsxana divarlarından azad olunduqdan dərhal sonra silahlı şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.
Postxronika.az xəbər verir ki, ailəsi və siyasi silahdaşları "Primero Justicia" partiyasının rəhbərinin evə çatmadan oğurlandığını bəyan ediblər. Hadisə paytaxt Karakasın Los Çorros məhəlləsində baş verib və mülki geyimli, lakin ağır silahlanmış qrup siyasətçinin yolunu kəsərək onu zorla maşına mindirib. Ölkənin digər nüfuzlu siması Mariya Korina Maçado bu olayla bağlı hakimiyyəti ittiham edərək, Quanipanın həyatı üçün ciddi təhlükə yarandığını vurğulayıb. Qeyd edək ki, sözügedən siyasətçi ABŞ-ın tələbi ilə azadlığa buraxılan yüksək rütbəli məhbuslar siyahısında yer alırdı. Müxalifət təmsilçiləri baş verənlərə görə birbaşa müvəqqəti hökumət rəsmilərini məsuliyyət daşımaqda günahlandırırlar.