Nyu-Yorkda yerləşən "Rilla" adlı süni intellekt şirkəti işçilərindən həftədə 70 saat işləməyi tələb edən sərt şərtləri ilə gündəmə gəlib. Müəssisə öz elanlarında "Olimpiya idmançıları" kimi yüksək ambisiyaya sahib olmayan şəxslərin müraciət etməməsini açıq şəkildə bildirir.
Postxronika.az xəbər verir ki, "996" sistemi adlanan bu qrafikə əsasən, əməkdaşlar həftənin altı günü səhər 9-dan axşam 9-a qədər iş başında olmalıdırlar. Rəhbərlik bu ağır fiziki və zehni yükü yüksək maaş, pulsuz qida və idman zalı kimi imtiyazlarla kompensasiya etməyə çalışır. Şirkət rəsmisi Uill Qao bu yanaşmanı süni intellekt bazarındakı amansız rəqabət və sürət tələbi ilə əlaqələndirib. Texnologiya sektorunda artan bu aqressiv mədəniyyət startapların rəqibləri qabaqlamaq üçün işçiləri maksimum istismar etməsi kimi qiymətləndirilir.