2025-ci ildə Almaniyada istehsal olunan filmlərin qlobal kassadakı gəlirləri kəskin artım göstərib. ''German Films''in rəsmi məlumatına görə, Almaniya filmlərinin beynəlxalq gəlirləri 115 faiz artaraq təxminən 300 milyon dollara (249,8 milyon avro) çatıb. İl ərzində Almaniya istehsalı və Almaniya–beynəlxalq koproduksiya filmləri üçün ölkə xaricində 33 milyondan çox bilet satılıb. Bu göstərici bir il əvvəl 15,8 milyon idi.
Bu artım təkcə alman kinosunda mədəni dirçəlişlə deyil, həm də Almaniyanın orta büdcəli studiya filmləri üçün güclü koproduksiya tərəfdaşı olması ilə izah olunur. 2025-ci ildə ən uğurlu iki alman istehsalı ''Regretting You'' (90 milyon dollar qlobal gəlir) və ''The Phoenician Scheme'' (40,5 milyon dollar) olub. Birincisi ''Paramount Pictures'' ilə ''Constantin Film'', ikincisi isə ''Focus Features'' ilə ''Studio Babelsberg'' əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Bununla yanaşı, yerli istehsallar arasında da uğur qazanan filmlər olub. Animasiya filmi ''Stitch Head'' ABŞ-də Hellouvin dövründə ''Briarcliff Entertainment'' vasitəsilə nümayiş etdirilərək beynəlxalq arenada 7 milyon dollardan çox gəlir əldə edib. ''Constantin Film''in istehsalı olan, ''Oscar'' mükafatına namizəd ''September 5'' isə dünya üzrə 8,2 milyon dollar qazanıb.