Eddi Mörfi və Eva Lonqoriya ''Amazon MGM'' üçün çəkiləcək “Attachment Parenting” adlı yeni komediyada baş rolları paylaşacaq. Layihə Julianna Baqqott'un eyniadlı qısa hekayəsi əsasında hazırlanır və ''Amazon MGM'' tərəfindən əvvəlcədən satın alınıb. 

Mörfi və Lonqoriya filmdə rol almaqla yanaşı, öz prodüser şirkətləri vasitəsilə layihənin prodüserləri də olacaqlar. Onlara ''Davis Entertainment''dən Con Devis də qoşulur. Bu, üçlüyün ötən il ''Amazon'' üçün çəkilən “The Pickup” filmindən sonra növbəti əməkdaşlığıdır.

Retro studiya komediyaları ab-havasında təqdim olunan film, valideynlik fəlsəfələri sınağa çəkilən psixoloq ər-arvadın, bir oteldə girov saxlanılarkən kriminal bossun disfunksional ailəsinə məsləhət verməyə məcbur qalmasından bəhs edir. Layihə hazırda ilkin inkişaf mərhələsindədir; ssenari müəllifi və rejissor hələlik açıqlanmayıb.