Azərbaycan və ABŞ arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoyub.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ilə birgə bəyanatında "Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasını uzunmüddətli və səmimi səylərin məntiqi nəticəsi kimi qiymətləndirib.
Dövlət başçısı Cənubi Qafqazda sülhün bərqərar olmasına verdikləri töhfələrə görə Prezident Donald Trampa və Vitse-prezidentə xüsusi minnətdarlığını bildirib.
2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladan Azərbaycan lideri, regionun son altı ayı sülh şəraitində keçirdiyini vurğulayıb. O, ABŞ hökumətinin bu prosesdəki vasitəçilik rolunu və sabitliyə verdiyi dəstəyi yüksək dəyərləndirib.
Bu tarixi sənəd iki ölkə arasındakı qarşılıqlı etimadı daha da möhkəmləndirərək gələcək əməkdaşlığın yol xəritəsini müəyyən edir.