ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi qrupunun göndərilməsini nəzərdən keçirir.
Postxronika.az xəbər verir ki, dövlət başçısı "Axios" platformasına müsahibəsində Tehranla ya yeni saziş bağlanacağını, ya da sərt tədbirlərin görüləcəyini bəyan edib. O, mümkün razılaşmanın həm nüvə proqramını, həm də ballistik raket məsələlərini əhatə etməli olduğunu vurğulayıb.
Eyni zamanda, Tramp sabah Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşərək bölgədəki cari vəziyyəti müzakirə edəcək. Xatırladaq ki, iyun ayında kəsilən nüvə müzakirələri cari ilin fevralında Omanda yenidən bərpa olunsa da, Vaşinqton regiondakı hərbi gücünü artırmaqda davam edir. Tərəflər gələn həftə danışıqların ikinci mərhələsinin keçiriləcəyinə ümid edirlər.