İrlandiya hökuməti sənət adamlarının yaradıcılıq potensialını artırmaq və kənar işlərə ehtiyaclarını azaltmaq məqsədilə yeni maliyyə dəstəyi sxemini təsdiqləyib.
Postxronika.az xəbər verir ki, "İncəsənət üçün Əsas Gəlir" təşəbbüsü çərçivəsində seçilmiş 2000 nəfərə üç il müddətində hər həftə 325 avro ödəniləcək. Mədəniyyət naziri Patrik O'Donovan bu layihənin dünyada ilk dəfə daimi əsaslarla tətbiq edildiyini və sektorda inqilab yaradacağını vurğulayıb. Pandemiya dövründə aparılan sınaqlar nəticəsində məlum olub ki, bu sistem yaradıcı şəxslərin narahatlığını azaldır və məhsuldarlığa müsbət təsir göstərir. 2026-cı ildə başlayacaq proqramda iştirakçılar müraciət edənlər arasından təsadüfi seçim yolu ilə müəyyənləşdiriləcək.