Türkiyə kinematoqrafiyasında ağır itki olub. 

Postxronika.az BAKU. ws-ə istinadən xəbər verir ki, tanınmış aktyor Kanbolat Görkem Arslan dünyasını dəyişib.

Xüsusilə "Poyraz Karayel" serialındakı Sefer obrazı ilə milyonların sevgisini qazanan sənətçinin gecə saatlarında evində qəfil səhhəti pisləşib. Həyat yoldaşının çağırışı ilə hadisə yerinə gələn təcili yardım briqadası ona ilk müdaxiləni etdikdən sonra aktyoru Taksim Tədris və Araşdırma Xəstəxanasına çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələlik açıqlanmır.

Qeyd edək ki, vəfatından cəmi bir gün əvvəl sosial media hesabında etdiyi son paylaşım onu sevənləri kədərə boğub:

"Günün birində tamaşaçılardan biri belə onun adını hayqırmağa cəsarət edə bilməyəcək!"

Karyerası və rolları

1980-ci il təvəllüdlü aktyor Hacettepe Universitetinin Dövlət Konservatoriyasının məzunudur. 1998-ci ildən teatr səhnəsində fəaliyyətə başlayan Arslan televiziya karyerasına "Çemberimde Gül Oya" serialı ilə qədəm qoyub.

O, "Ezel", "Yer Gök Aşk", "Hayat Bazen Tatlıdır" və "Bir Deli Rüzgar" kimi reytinqli layihələrdə rol alıb. Mərhum aktyor son olaraq "Kudüs Fatihi Selahaddin Eyyubi" serialında çəkilirdi.