Gənc alman rejissor Kai Stänickenin debüt bədii filmi “Trial of Hein” (Der Heimatlose) Berlin Film Festivalında nümayiş olunacaq. Film kimlik, yaddaş və aidiyyət mövzularını psixoloji gərginlik fonunda araşdırır.
Süjetə görə, Hein 14 ildən sonra Şimal dənizində yerləşən ucqar adadakı doğma kəndinə qayıdır. Lakin onu heç kim tanımır. Hətta uşaqlıq dostu da ondan uzaq durur. Yerli icma onun həqiqətən Hein olub-olmadığını müəyyənləşdirmək üçün kənd məhkəməsi qurur. Şahidlərin xatirələri ilə Hein'in yaddaşı ziddiyyət təşkil etdikcə, şübhə düşmənçiliyə çevrilir və sakinlər onun saxtakar olduğuna inanmağa başlayırlar.
“Trial of Hein” fevralın 13-də Berlin Film Festivalının ''Perspectives'' bölməsinin açılış filmi kimi dünya premyerasını edəcək. Film ''Tamtam Film'' tərəfindən istehsal olunub, beynəlxalq satış hüquqları isə ''Heretic'' şirkətinə məxsusdur.