Rusiyada populyar mesajlaşma tətbiqi "WhatsApp" və videohostinq platforması "YouTube"un fəaliyyəti tamamilə məhdudlaşdırılıb.
Postxronika.az xəbər verir ki, ölkə ərazisində bu platformalara giriş dayandırılıb.
Məlumata görə, hər iki resursun domeni "Suveren Runet" qanunu çərçivəsində yaradılmış Milli Domen Adları Sistemindən çıxarılıb. Bu səbəbdən tətbiqlər hazırda yalnız VPN və digər yardımçı vasitələrlə işləyir.
DNS qeydləri silinir
Xüsusilə fevralın 10-dan etibarən "YouTube"a aid məlumatların sistemdən silindiyi bildirilir. Mütəxəssislər qeyd edirlər ki, Rusiya tənzimləyici qurumları internet resurslarını bloklamaq üçün yeni və daha sərt üsula – DNS qeydlərinin kütləvi silinməsinə keçid ediblər. Əvvəllər bu metoddan yalnız seçmə şəkildə istifadə olunurdusa, indi tətbiq dairəsi genişləndirilib.
Xatırladaq ki, daha əvvəl Rusiya rəsmiləri "YouTube"un tam bloklanmadığını, sadəcə texniki səbəblərdən "yavaşıdıldığını" iddia edirdilər.