14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) gecə saatlarında müxtəlif istiqamətlərdə yolun müəyyən hissələrində məhdudiyyət tətbiq ediləcək.

Bu barədə postxronika.az-a daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həmin saatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.