Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci ilədək cinayət yolu ilə qazanılmış 17 milyon manatdan çox vəsaiti leqallaşdırıb.
Postxronika.az xəbər verir ki, o, hakimiyyətin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn əməllər törətməkdə günahlandırılır.
İstintaq sənədlərində qeyd olunur ki, keçmiş məmur ötən ilin payızında dövlət idarəçiliyinin yenidən qurulmasını nəzərdə tutan gizli planı Əli Kərimli ilə bölüşüb. R.Mehdiyev sözügedən sənədin yekun nüsxəsini "Şərq-Qərb" ASC-nin işçiləri vasitəsilə əlaqədə olduğu xarici dövlətin rəsmilərinə göndərərkən fəaliyyəti texniki vasitələrlə qeydə alınıb. Bu addımları ilə o, Azərbaycanın milli maraqlarına zidd hərəkət edərək dövlətə xəyanət cinayətini törədib. Hazırda faktla bağlı hüquqi araşdırmalar davam etdirilir.