"P&O Ferries" şirkətinin sahibi olan "DP World" qrupunun sədri və baş icraçı direktoru Sultan Əhməd bin Süleym cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələrinin ifşa olunmasından sonra vəzifəsini tərk edib. Onun sözügedən şəxslə qeyri-etik mövzulardakı yazışmalarının sızması rəhbərlik etdiyi logistika nəhəngini təcili addımlar atmağa məcbur edib.
Postxronika.az xəbər verir ki, beynəlxalq tərəfdaşların şirkətlə əməkdaşlığı dayandıracaqlarını bəyan etməsi Dubay hökumətinin kadr dəyişikliyi qərarını tezləşdirib. Rəsmi açıqlamada qalmaqallı sabiq rəhbərin adı çəkilməsə də, idarəetmə heyətində sədr postuna Essa Kazımın, baş icraçı direktor vəzifəsinə isə Yuvraj Narayanın təyin edildiyi elan olunub. Paralel olaraq, "Goldman Sachs"ın baş vəkili və Ağ Evin sabiq müşaviri Keti Ruemmler də Epşteynlə yaxın münasibətlərini sübut edən elektron məktubların yayılmasının ardından istefa verib.