Locarno Pro çərçivəsində keçirilən “First Look” layihəsi 2026-cı ildə diqqət mərkəzinə Uruqvay kinosunu çıxaracaq. Təşəbbüs avqustun 5-15-də keçiriləcək Locarno Film Festivalı zamanı baş tutacaq.
Post-prodakşn mərhələsində olan arthaus filmləri dəstəkləyən platforma beynəlxalq prodüserləri, satış agentlərini və festival proqramçılarını bir araya gətirir. Layihə bu il Uruqvayın film agentliyi ACAU – ''Agencia del Cine y el Audiovisual del Uruguay'' ilə əməkdaşlıq çərçivəsində ölkədə post-prodakşnda olan altı bədii filmi təqdim edəcək.
Festivalın bədii rəhbəri Giona A. Nazzaro bildirib ki, Uruqvaya diqqət yeni yaradıcı səslərin və müasir kino baxışlarının genişlənməsi deməkdir. Markus Duffner isə təşəbbüsün beynəlxalq karyerasının başlanğıcında olan rejissorları dəstəkləmək missiyasını vurğulayıb.
Proqram üçün müraciətlər mayın 6-dək qəbul edilir, seçilən layihələr isə iyulda açıqlanacaq. Qaliblər avqustun 9-da mükafatlandırılacaq.