Stuart Ford, ''AGC Studios''un rəhbəri, ''Netflix''in ''Warner Bros.''u alma ehtimalının kino sənayesi üçün təhlükə yarada biləcəyini bildirib.


''European Film Market'' çərçivəsində çıxış edən Ford qeyd edib ki, belə bir birləşmə istehsalçılar və yaradıcı heyətin filmlərin maliyyə uğurundan pay alması modelini daha da zəiflədə bilər. Onun sözlərinə görə, gəlirlərin sistem daxilində dövriyyəsi dayanarsa, kino sahəsi istedadlı kadrları itirmək riski ilə üzləşəcək və peşəkarlar texnologiya nəhəngləri üçün sadəcə “icraçı işçilərə” çevrilə bilərlər.


Ford hesab edir ki, sektorun əsas vəzifəsi maliyyə axınının və qonorar sisteminin qorunması üçün “sonadək mübarizə aparmaqdır”. Əks halda, uzunmüddətli perspektivdə sənayedə ciddi kadr axını baş verə bilər.


O, eyni zamanda bildirib ki, platforma rəhbərlərinin kino sənayesinə qəsdən zərər vermək niyyəti yoxdur və striminq şirkətlərinin film maliyyələşdirməsindəki rolu hazırda bazarın ayaqda qalmasına da kömək edir.

Ford bu fikirləri ''Berlin International Film Festival'' zamanı keçirilən maliyyə forumunda səsləndirib.