Rusiya Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə, səsvermə günü bu ölkənin dərinliklərinə raket zərbələrini dayandırmağa hazır olduğunu bəyan edib. 

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomat qeyd edib ki, Prezident Vladimir Putinin bu mövzu ilə bağlı əvvəlki açıqlamaları hələ də qüvvədədir. Rusiyanın əsas şərtlərindən biri hazırda Rusiya ərazisində yaşayan 5-10 milyon Ukrayna vətəndaşına səsvermə hüququnun verilməsidir.

Qaluzin həmçinin xatırladıb ki, 2024-cü ilin martında Rusiyada keçirilən seçkilər zamanı rəsmi Kiyev PUA hücumları ilə prosesi pozmağa çalışsa da, Moskva Ukraynadakı mümkün seçkilər zamanı bənzər metodlara əl atmayacağını və insanların səsvermə hüququna mane olmayacağını vurğulayıb. Bununla belə, nazir müavini hazırda Ukraynada seçkilərin praktiki təşkili barədə hər hansı ciddi irəliləyişin olmadığını əlavə edib.