Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderlandın birgə kəşfiyyat araşdırmasına əsasən, rusiyalı müxalifət lideri Aleksey Navalnı iki il əvvəl həbsxanada qurbağa zəhəri ilə qətlə yetirilib.

Postxronika.az xəbər verir ki, bu barədə adıçəkilən Avropa ölkələrinin birgə yaydığı bəyanatda məlumat verilib. Laboratoriya müayinələri nəticəsində mərhumun cəsədindən götürülən nümunələrdə Cənubi Amerika qurbağalarına məxsus ölümcül "epibatidin" toksini aşkarlanıb. Sənəddə müxalif siyasətçinin ölümünə görə birbaşa Rusiya dövlətinin məsuliyyət daşıdığı və hadisənin Kimyəvi Silahlar Konvensiyasının kobud şəkildə pozulması olduğu vurğulanır. Mərhumun həyat yoldaşı Yuliya Navalnaya da bu faktı təsdiqləyərək, günahkarların mütləq cəzalandırılacağını bildirib. Qeyd edək ki, yeni kəşfiyyat məlumatları məqsədli şəkildə Navalnının ölüm xəbərinin ikinci ildönümündə, Münhen Təhlükəsizlik Konfransı zamanı ictimaiyyətə açıqlanıb.