İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann ilə ilkin danışıqlara başlayıb. Rəhbərlik inanır ki, gənc mütəxəssis Yurgen Kloppun "Liverpul"dakı tarixi uğurunu təkrarlayaraq Premyer Liqada hegemonluq qura bilər.
Postxronika.az xəbər verir ki, "Topskills Sports UK" portalının məlumatına əsasən, bu ehtimal komandanın texniki direktoru Kristofer Uivellin ciddi təkidindən sonra reallaşmağa yaxınlaşıb. Lakin Bruno Fernandes başda olmaqla komandanın bir çox əsas futbolçusu hazırkı müvəqqəti çalışdırıcı Maykl Kerrikin postunda qalmasını tələb edir. Əgər ingilis məşqçi yola salınarsa, portuqaliyalı ulduz yalnız həftəlik 400 min funt-sterlinq maaş müqabilində "Qırmızı şeytanlar"da fəaliyyətini davam etdirəcək. Kerrik sükan arxasında qalacağı təqdirdə isə yarımmüdafiəçi rəhbərliklə daha güzəştli maliyyə şərtləri çərçivəsində razılaşmağa hazırdır.