Avropanın Alp dağlarında baş verən güclü qar uçqunları nəticəsində çox sayda insan həlak olub, Monblan ətrafındakı kəndlər təxliyə edilib və yollar bağlanıb. İsveçrədə təbii fəlakət səbəbindən sərnişin qatarının relsdən çıxması isə beş nəfərin xəsarət almasına gətirib çıxarıb.
Postxronika.az xəbər verir ki, son günlər qitənin Fransa və İtaliya ərazilərində də xizəkçilərin iştirakı ilə silsilə bədbəxt hadisələr qeydə alınıb. Ümumilikdə ötən həftə ərzində qeyri-sabit qar örtüyünün yaratdığı ölümcül sürüşmələr ondan çox şəxsin həyatına son qoyub. Hazırda bölgədə ən yüksək – 5-ci dərəcəli xəbərdarlıq elan olunub ki, bu da son dərəcə riskli və fövqəladə hal hesab edilir. Təhlükəsizlik qüvvələri əhalini xüsusi qorunan yamaclar istisna olmaqla, bütün dağlıq yerlərdən çəkinməyə çağırıblar.