Serbiyanın enerji təhlükəsizliyinin təminatı və mənbələrin şaxələndirilməsi strategiyası çərçivəsində Azərbaycanla müştərək qaz elektrik stansiyasının inşası həyata keçirilir.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, "Serbian News" nəşrinin təhlilinə əsasən, bu layihə köhnəlmiş və ekoloji standartlara cavab verməyən kömür sənayesindən asılılığı azaldaraq ölkənin investisiya mühitini əsaslı şəkildə müsbətə doğru dəyişəcək.
Rəsmi Bakının Avropanın enerji sektorundakı rolu artıq sadəcə xammal tədarükü ilə məhdudlaşmır, eyni zamanda birbaşa elektrik enerjisi istehsalı mərhələsinə qədəm qoyur. Yeni stansiya həm bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası zamanı yaranan qeyri-sabitliyi aradan qaldıracaq, həm də sənaye sahələrini dayanıqlı güclə təmin edəcək. Nəticə etibarilə, bu strateji əməkdaşlıq Azərbaycanın Cənub-Şərqi Avropadakı etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.