Fevralın 17-si və 18-də qərb küləyinin güclənməsi, eləcə də havanın tədricən isinməsi səbəbindən ölkənin bəzi yüksək dağlıq ərazilərində qar uçqunu ehtimalı yaranıb.

Postxronika.az "Report"a istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Qurumdan bildirilib ki, riskli zonalardan, xüsusən də dik yamaclardan uzaq durmaq, fəlakət baş verdikdə isə dərhal kənara qaçaraq qaya çıxıntıları altında daldalanmaq lazımdır. Hadisə zonasından çıxmaq qeyri-mümkün olduqda, ağır əşyaları kənara atıb, tənəffüs yollarını geyimlə qorumaq və axın istiqamətində çöməlmək tövsiyə edilir. Qar altında qaldıqda panikaya düşmədən üz ətrafında nəfəs almaq üçün boşluq yaratmaq, enerjini və istiliyi qorumaq məqsədilə qışqırmaqdan çəkinmək həyati əhəmiyyət daşıyır. Belə ekstremal hallarla qarşılaşdıqda dərhal dözümlülük nümayiş etdirərək "112" qaynar xətti ilə əlaqə saxlamaq mütləqdir.