İspaniyanın cənubunda aparılan arxeoloji qazıntılar zamanı tapılan fil sümüyü tarix kitablarını yenidən yazdıra bilər.
Postxronika.az "Journal of Archaeological Science: Reports" nəşrinə istinadən xəbər verir ki, bu tapıntı əfsanəvi Karfagen sərkərdəsi Hannibalın Avropaya yürüşü zamanı istifadə etdiyi döyüş fillərinin ilk maddi sübutu hesab olunur.
Tarixi fakt yoxsa əfsanə?
İndiyə qədər Hannibalın romalılara qarşı döyüşlərdə fillərdən istifadə etməsi yalnız tarixi rəsmlərdə və yazılı mənbələrdə əksini tapmışdı, lakin bunu təsdiqləyən heç bir fiziki dəlil yox idi. İndi isə Kordova yaxınlığındakı "Colina de los Quemados" ərazisində Dəmir dövrünə aid təbəqədə aşkar edilən sümük bu boşluğu doldurur.
Professor Rafael M. Martinez Sançesin rəhbərlik etdiyi qrup 10 sm ölçüsündəki sümüyü karbon analizi ilə tədqiq edib. Nəticələr sümüyün e.ə. III əsrin sonu və ya II əsrin əvvəllərinə – İkinci Pun müharibəsi dövrünə aid olduğunu göstərib.
Alplara çatmamış ölən fil
Tarixçilərin fikrincə, Hannibal e.ə. 218-ci ildə Karfagen (müasir Tunis) ordusu ilə birlikdə İspaniya və Fransa üzərindən İtaliyaya yürüş edərkən 37 döyüş fili ilə Alpları keçib. Tapılan qalığın isə Alplara çatmamış İspaniya ərazisində ölən bir heyvana aid olduğu ehtimal edilir.
Qazıntı sahəsində həmçinin artilleriya qalıqları, sikkələr və keramika nümunələrinin tapılması ərazinin döyüş meydanı olduğunu təsdiqləyir. Alimlər qeyd edirlər ki, bu nəhəng heyvanların gəmilərlə daşınması dövrün ən çətin hərbi logistik əməliyyatlarından biri olub.