Baş Dövlət Yol Polisi İdarəsi ağırçəkili nəqliyyat vasitələrinin iştirakı ilə artan yol qəzaları ilə bağlı sürücülərə çağırış edib.
Postxronika.az xəbər verir ki, idarə nasaz texnikanın istismarını, yorğun halda sükan arxasına əyləşməyi, yükün düzgün qablaşdırılmamasını və qanunsuz parklanmanı ən çox törədilən qayda pozuntuları kimi qeyd edib. Müşahidələrə əsasən, avtomagistrallardakı qəzaların əksəriyyəti sürət həddinin aşılması və manevr qaydalarının pozulması səbəbindən baş verir.
Qurum xüsusilə vurğulayır ki, sağ zolaq boş olduğu halda sol zolağın tutulması digər sürücülərin hərəkətinə maneə yaratmaqla yanaşı, ciddi risklər doğurur. DYP sürücüləri intizamlı olmağa, digər hərəkət iştirakçılarına hörmətlə yanaşaraq yüksək peşəkarlıq nümayiş etdirməyə çağırıb. Unutmayaq, yollarda məsuliyyətli davranmaq hər kəsin təhlükəsizliyi üçün mütləqdir.