"Real"ın yarımmüdafiəçisi Cud Bellinqemin bud əzələsindən aldığı zədənin bərpa prosesinin təxminən altı-yeddi həftə çəkəcəyi gözlənilir. "The Athletic" nəşrinin məlumatına görə, ingilis futbolçunun zədəsi ilkin ehtimal ediləndən daha ciddidir.
Postxronika.az xəbər verir ki, ulduz oyunçu fevralın 1-də "Rayo Valyekano"ya qarşı keçirilən matçın cəmi 10-cu dəqiqəsində xəsarət alaraq meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Xatırladaq ki, 2023-cü ilin yayında Dortmund "Borussiya"sından Madrid təmsilçisinə keçən istedadlı xavbekin komanda ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. Cari mövsümdə paytaxt klubunun heyətində bütün turnirlərdə 28 qarşılaşmada iştirak edən idmançı aktivinə 6 qol və 4 məhsuldar ötürmə yazdırıb. Hazırda "Transfermarkt" portalı onun dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.