Binəqədi Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrdə saxta elanlar vasitəsilə vətəndaşları fırıldaq yolu ilə aldadan 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb.
Postxronika.az xəbər verir ki, gənc oğlan bank olmayan kredit təşkilatlarının (BOKT) saxta profillərini yaradaraq insanlara aşağı faizli borc təklif edib. Zərərçəkənlər bu yalançı vədlərə inanaraq şəxsi məlumatlarını, kart şifrələrini və müxtəlif miqdarda vəsaitlərini qarşı tərəfə göndəriblər. Şübhəli şəxs pulları mənimsədikdən sonra məsuliyyətdən yayınmaq üçün qurbanlarının hesablarını bloklayıb. Hazırda asayiş keşikçiləri tərəfindən fakt üzrə araşdırmalar davam etdirilir.
Daxili işlər orqanları əhalini internetdə rastlaşdıqları "onlayn qazanc" və "asan gəlir" kimi şübhəli kampaniyalara qarşı diqqətli olmağa, naməlum linklərə daxil olaraq bank məlumatlarını paylaşmamağa çağırır.