Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən son bir ay ərzində ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlıqla mübarizə istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Postxronika.az xəbər verir ki, görülən tədbirlər nəticəsində müxtəlif hüquqazidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 35 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Əməliyyatlar zamanı ticarət obyektləri və mənzillərdən pul, qızıl-zinət əşyaları, tikinti materialları və digər əşyalar oğurlamaqda şübhəli bilinən 19 nəfər ifşa edilib. Bununla yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsi, işə düzəltmək adı ilə dələduzluq və qanunsuz ovla məşğul olan 6 nəfər barəsində müvafiq qanuni tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdiyi baxış zamanı qanunsuz saxlanılan 29 ədəd odlu silah, 6 qaz tapançası, 1 ədəd əl qumbarası, 4 süngü bıçaq və 961 ədəd patron aşkar edilərək götürülüb.

Həmçinin, axtarışda olan və mülki-hüquqi öhdəliklərdən yayınan 242 nəfər saxlanılıb. Ay ərzində "102" Xidməti-Zəng Mərkəzinə daxil olan 2000-dən artıq müraciət operativ cavablandırılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.