Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Albaniyaya səfəri çərçivəsində Tiranada yerləşən “Hannah və Rosafa” uşaq evində olub.

Postxronika.az xəbər verir ki, sözügedən müəssisə valideyn himayəsindən məhrum olmuş və sosial müdafiəyə ehtiyacı olan 0-6 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

Ziyarət zamanı bildirilib ki, dövlət müəssisəsi olan bu uşaq evində azyaşlıların erkən inkişafı üçün hər cür şərait yaradılıb. Burada uşaqlar psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunurlar. Leyla Əliyeva uşaqların yaşayış şəraiti ilə maraqlanıb və onlarla səmimi vaxt keçirib.

Daha sonra Leyla Əliyeva Albaniyanın ən böyük dövlət tibb müəssisəsi olan "Mother Teresa" Universitet Xəstəxana Mərkəzinə baş çəkib. Mərkəzin fəaliyyəti, xüsusilə burada cəmləşən onkoloji xidmətlər və uşaqların müalicə prosesi barədə ona ətraflı məlumat verilib. Qeyd olunub ki, xəstəxanada ən müasir texnologiyalardan istifadə edilməklə yüksəksəviyyəli tibbi xidmət göstərilir.