Əfsanəvi musiqiçi Paul Makkartni Londonda yeni sənədli layihəsinin xüsusi nümayişində iştirak edib və tədbirə aktyor Paul Mescal də qatılıb. Oscar mükafatlı rejissor Morgan Neville tərəfindən çəkilən ''Man on the Run'' filminin premyerası qlobal yayımından əvvəl təşkil olunub. Film ''The Beatles'' qrupunun dağılmasından sonrakı dövrdə sənətkarın yaradıcılıq yoluna və 1970-ci illərdəki uğurlarına həsr olunub və ''Prime Video'' üzərindən təqdim ediləcək.


Postxronika.az xəbər verir ki, təqdimat zamanı Pol Makkartni səhnədən zarafatla rejissora təşəkkür edərək, utandırıcı anların filmdə saxlanıldığını deyib. Tədbirdə Mescal sevgilisi Gracie Abrams ilə birlikdə qırmızı xalçada görüntülənib. Aktyor yaxın illərdə rejissor Sam Mendes tərəfindən çəkilən ''The Beatles — A Four-Film Cinematic Event'' film layihəsində Makkartni obrazını canlandıracaq. ''Sony Pictures'' tərəfindən istehsal olunan ekran əsərlərində John Lennon, George Harrison və Ringo Starr obrazları da ayrıca filmlərdə təqdim olunacaq.


Tədbirə həmçinin Noel Gallagher, Sharon Osbourne, Twiggy, Marcus Mumford, eləcə də sənətkarın övladları Stella Makkartni və James Makkartni qatılıb. Səhnə söhbəti zamanı Makkartni qrup yoldaşları ilə güclü bağlarının olduğunu vurğulayaraq onları “sehrli dördlük” adlandırıb. Dünyanın ən çox satılan musiqi kollektivlərindən biri barədə danışarkən isə zarafatla “sadəcə sehrli birlik idi və biz pis də çıxış etmədik” deyərək tamaşaçıları güldürüb.