Fevralın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

Bu barədə Postxronika.az-a Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarından olan vətəndaşlar iştirak ediblər. Proses zamanı 4 şəhid ailəsi və 1 müharibə iştirakçısı olmaqla, ümumilikdə 26 vətəndaşın müraciəti dinlənilib.

Müraciətlər əsasən Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, eləcə də övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələləri əhatə edib. Xidmət rəisi vətəndaşları dinlədikdən sonra məsələlərin qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə həlli üçün aidiyyəti üzrə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırma tələb edənlər nəzarətə götürülüb, Xidmətin səlahiyyətlərinə aid olmayanlar isə müvafiq qurumlara yönəldilib.