Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva saxlanılıb. O, Azərbaycan vətəndaşı olan qadınları xaricdə cinsi istismara məruz qoymaqda ittiham olunur.
Postxronika.az DİN-in məlumatına istinadən xəbər verir ki, R.Gülaliyeva transmilli mütəşəkkil dəstənin xarici üzvləri ilə əlbir olaraq qadınları aldadaraq ölkə hüdudlarından kənara aparıb. Orada zərərçəkmişlərin ümumvətəndaş pasportları əllərindən alınıb və onlar hədə-qorxu, məcburetmə yolu ilə cinsi istismara məcbur ediliblər.
İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs qadınları xaricilərə ailə qurmaq adı ilə 6 000 – 8 000 ABŞ dolları müqabilində satıb. Daha sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək qaçmağı tapşırıb.
Toplanmış sübutlar əsasında R.Gülaliyeva barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, şəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN insan alveri qurbanlarına müraciət edərək, konfidensiallıq tam təmin edilməklə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya "152" qaynar xəttinə məlumat vermələrini xahiş edir.