Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki qurumlar abonentləri maraqlandıran ən aktual sualları və problemləri gündəmə gətirərək onlara aydınlıq gətirib.
Postxronika.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, abonentlər tərəfindən tez-tez ünvanlanan suallar əsasında hazırlanan bu rəsmi məlumatlar həm sayğac quraşdırılması, həm də qanunsuz qoşulmalarla bağlı cərimə prosedurlarını əhatə edir. Rəsmi açıqlamaya görə, sayğacların laboratoriya yoxlanışı xərcləri yalnız abonentin təqsiri və ya şəxsi istəyi olduqda onun tərəfindən ödənilir; digər bütün hallarda bu xərci sukanal idarəsi öz üzərinə götürür. Şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə isə qoşulma tarixi bəlli deyilsə, dəymiş ziyan son 1 ilin su sərfi həcmində hesablanır.
Mənzillərində kommersiya fəaliyyəti (mağaza, ofis və s.) göstərən şəxslər üçün xüsusi qayda tətbiq olunur: sahibkarlıq obyekti üçün ayrıca "qeyri-əhali" müqaviləsi bağlanmalı və mənzilin girişində smart sayğac quraşdırılmalıdır. Sayğacın quraşdırılmasına gəldikdə, fiziki şəxslər (əhali qrupu) üçün bu proses tamamilə ödənişsizdir və sukanal idarəsinin vəsaiti hesabına həyata keçirilir; hüquqi şəxslər isə quraşdırma xərcini özləri ödəməlidir. Əgər abonent smart kartına və ya hesabına ödəniş edərkən hər hansı texniki səhvə yol veribsə, o, şəxsiyyət vəsiqəsi və qəbzlə birlikdə ASAN Kommunal mərkəzlərinə və ya yerli sukanal idarələrinə müraciət edərək ödənişi bərpa edə bilər.