Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə ABŞ-yə səfəri çərçivəsində Vaşinqton şəhərində təxribat qeydə alınıb. Bir qrup etirazçı dövlət başçısının "Waldorf Astoria" mehmanxanası qarşısında hərəkətdə olan kortejinə hücum cəhdi edib.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin yaydığı bəyanatda bildirilir. Səfirlikdən verilən məlumata görə, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib, avtomobilə yönəlik hücum aktları həyata keçirib və Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr səsləndiriblər.
Dövlət başçısının nəqliyyat vasitəsinə fiziki müdaxilənin ciddi təhlükəsizlik təhdidi yaratdığını nəzərə alan Prezidentin Təhlükəsizlik Xidməti standart əməliyyat prosedurlarına uyğun olaraq dərhal müdaxilə edib. ABŞ-nin Gizli Xidmətinin bəyan etdiyi kimi, hadisənin baş verdiyi mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub.
Səfirlik təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi və ya əsaslandırılmamış iddialar yayılması cəhdlərini qətiyyətlə rədd edərək, Azərbaycanın təhlükəsizlik əməkdaşlarının hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda, ictimaiyyətə və mediaya xəbərləri yayarkən məsuliyyətli davranmaq və təsdiqlənməmiş iddialara əsaslanmamaq çağırışı edilib.