Meksikalı rejissor Fernanda Tovarın debüt tammetrajlı filmi ''Berlin Beynəlxalq Film Festivalı''nın  ''Generation 14plus'' bölməsində ən yaxşı film üçün ''Crystal Bear'' mükafatına layiq görülüb. Ekran əsəri həm beynəlxalq münsiflər heyətinin, həm də yeniyetmələrdən ibarət gənclər jüri­sinin əsas mükafatını qazanaraq festivalın diqqət mərkəzinə çevrilib. Gənc tamaşaçılar üçün nəzərdə tutulan ''Generation'' bölməsi yeniyetmələrin dünyasını əks etdirən hekayələri ön plana çıxarır. Film poetik vizual dili, emosional təsiri və realist yanaşması ilə yüksək qiymətləndirilib.

Postxronika.az xəbər verir ki, dram Meksikanı yeniyetmələr arasında üzgüçülük çempionatında təmsil etməyə hazırlaşan iki yaxın dostun hekayəsini izləyir.

Tədbirdə baş verən bir hadisədən sonra onların münasibəti sınağa çəkilir və susmaqla həqiqəti dilə gətirmək arasında seçim qarşısında qalırlar.

Münsiflər ekran işinin cinsi zorakılıq mövzusuna həssas yanaşdığını və dostluğun psixoloji tərəflərini dərinliklə araşdırdığını bildiriblər.

Filmin beynəlxalq satış hüquqları ''Alpha Violet'' tərəfindən idarə olunur.

Beynəlxalq münsiflər heyəti xüsusi qeyd mükafatını Matapanki filminə verib; layihənin rejissoru Diego “Mapache” Fuentesdır.

Gənclər jüri­si isə ailə münaqişəsini uşaqların baxış bucağından təqdim edən ''A Family'' filmini fərqləndirib, ekran əsərinin müəllifi Mees Peijnenburgdır.

Münsiflər bu filmin ailə parçalanmasının yeniyetmələrə təsirini səmimi və təsirli şəkildə göstərdiyini vurğulayıblar.

Festivalda təqdim olunan mükafatlar gənclərin həyatını və sosial problemləri əks etdirən hekayələrin əhəmiyyətini bir daha ön plana çıxarıb.