Fransada keçmiş əri tərəfindən illərlə gizlicə yuxu dərmanları verilərək onlarla kişinin cinsi istismarına məruz qalan 73 yaşlı Jizel Pelikot bütün dünyada mübarizə simvoluna çevrilib. Dəhşətli sarsıntılardan sonra həyatını yenidən quran qadın hazırda Atlantik sahilində yaşayır və yeni həyat yoldaşı ilə hüzurlu günlər keçirir.
Postxronika.az xarici mətbuata istinadən xəbər verir ki, J.Pelikot qapalı keçirilməsi təklif olunan məhkəmə prosesinin bilərəkdən ictimaiyyətə açıq olmasında israr edərək, cəmiyyətdəki "kimyəvi tabeçilik" və zorakılıq problemlərini bütün çılpaqlığı ilə ifşa edib. Öz acı təcrübəsini "Həyata himn" adlı xatirə kitabında toplayan qadın, günahkarların cəzalandırılmasını və ədalət sisteminin bu cür hallara yanaşmasını dəyişdirməyi qarşısına məqsəd qoyub. O, başına gələn ağır faciəyə rəğmən, digər qurbanlara ümid işığı olmaq üçün yaşadıqlarını cəsarətlə dilə gətirməyə davam edir.