Böyük Britaniya polisi tərəfindən həbs edilən şahzadə Endryu Mauntbetten-Vindsorun kral taxtının varisliyi xəttindən uzaqlaşdırılması ehtimalı rəsmi Londonun əsas gündəm mövzusuna çevrilib. Dövlət vəzifəsində olarkən məxfi məlumatları cinsi cinayətlərdə təqsirləndirilən Cefri Epşteynə ötürməkdə şübhəli bilinən keçmiş York hersoqunun tezliklə xüsusi qanunvericilik yolu ilə bu hüquqdan məhrum edilməsi gözlənilir.
Postxronika.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Bukinqem Sarayı hökumətin varislik sıralamasını dəyişdirmək planlarına heç bir etiraz bildirməyəcək. Hazırda taxt-tac növbəsində səkkizinci yerdə qərarlaşan 66 yaşlı sabiq şahzadənin mülklərində hüquq-mühafizə orqanlarının axtarışları davam edir. Hökumət rəsmiləri böyük siyasi dəstək alacağına inandıqları müvafiq qanun dəyişikliyinin yalnız polis istintaqı tam yekunlaşdıqdan sonra qüvvəyə minəcəyini vurğulayıblar. Məlumat üçün bildirək ki, qalmaqallı fiqur 1647-ci ildə I Karlın əsir düşməsindən bəri həbs olunan ilk kral ailəsi üzvü kimi tarixə düşüb.